ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Korona virusundan vəfat etmiş insanların dəfni ilə bağlı suallar


Bismillahir-Rəhmanir-Rəhim
Aliməqamlı şiə mərcəyi-təqlidi seyid Əli Sistaninin (kölgəsi uzun olsun) dəftərxanası


Salam əleykum.
Xahiş edirik koronavirusdan dünyasını dəyişmiş şəxslərlə bağlı aşağıdakı suallara cavab verəsiniz.
1. Müsəlman bir şəxs koronavirusa yoluxdundan dünyasını dəyişsə, onun cənasəsinə digər cənazələr kimi qüsl vermək vacibdir, yoxsa təyəmmüm kifayət edir? Əgər məsuliyyətli şəxslər hətta təyəmmüm üçün icazə verməsələr, cənazəni qoruyucu kimyəvi maddələrlə məxsusi kisələrə qoysalar və dəfndən qabaq kiməsə onu açmağa icazə verməsələr, nə etmək lazımdır?
2. Əgər kafuru cənazənin yeddi yerinə çəkməklə hənut etmək mümkün olmasa, onu nə ilə əvəz etmək olar?
3. Cənazəni üç tikə parça ilə kəfənləmək vacibdirmi? Aidiyyəti olan orqanlar onu kəfənləmək üçün kisələri açmağa icazə verməsələr, nə etməliyik?
4. Bəzi qeyri-müsəlman ölkələrdə koronavirusdan vəfat etmiş cənazələr yandırılır. Sual budur ki, müsəlman ölünün qohumları belə bir işə icazə verə bilərmi? Mümkün olan təqdirdə cənazənin yandırılmasına mane olmalıdırlarmı?
5. Ölünü tabuta qoymaq və tabutu torpağın altında dəfn etməyin hökmü nədir?
6. Mütəxəssis insanlara görə koronavirusdan dünyasını dəyişmiş cənazələri ümumi qəbiristanlıqda dəfn etməyin maneəsi yoxdur və bunun üçün xüsusi tədbirlərə, misal üçün cənazəni dərində basdırmaq və bu kimi işlərə ehtiyac yoxdur. Çünki bu virusun fəaliyyətini davam etdirməsi üçün canlı hüceyrələrə ehtiyacı var. Yoluxmuş insan öldükdən sonra bu virus bir neçə saat həyatda qala bilər. Lakin ölünün cəsədindən çıxmaq yolu olmadığına görə virus tələf olur. Bu üzdən tibbi ehtiyatları gözləmək o cümlədən onu daşıyıb dəfn edərkən maska və əlcəkdən istifadə etmək kifayətdir. Dəfn etdikdən sonra virusun başqalarına keçəcəyindən heç bir nigarançılıq yoxdur.
Belə bir şəraitdə koronavirusdan dünyasını dəyişənlərin vəsiyyətinə və yaxud qohumlarının istəyinə baxmayaraq onları şəhərin ümumi qəbiristanlıqlarında – qəbiristanın bir güşəsində olsa belə - basdırılmasına mane olmağın hökmü nədir?


Bismillahir-Rəhmanir-Rəhim



 1. Virusun yayılma təhlükəsinə görə cənazəyə qüsl vermək mümkün olmayan hallarda, sağ bir şəxsin əlcəklə də olsa ona təyəmmüm verməsi mümkündürsə, bu işi görməlidir. Təyəmmüm vermək mümkün olmazsa, yaxud məsuliyyət daşıyan şəxslər bu işə mane olarsa, cənazə qüsl və təyəmmüm verilmədən dəfn edilsin.
 2. Bu halda hənut etmək öz qüvvəsindən düşür və bu işin heç bir əvəzedicisi yoxdur.
 3. Cənazəni üç məxsusi parça ilə kəfənləmək vacibdir. Hətta bunu kisənin üzərindən də etmək olar. Cənazəni bu formada kəfənləmək mümkün olmazsa, mümkün olan qədərlə, məsələn, bədəni bütövlükdə örtən parça ilə kifayətlənmək lazımdır.
 4. Müsəlman şəxsin cəsədini yandırmaq olmaz. Yaxınlarına və digər şəxslərə vacibdir ki, bu işə mane olsunlar və cənazənin müqəddəs şəriət qaydalarına uyğun şəkildə dəfn edilməsinə israr etsinlər.
 5. Bu iş icazəlidir. Lakin mümkün olarsa, cənazə tabutda, torpağda dəfn edildiyi kimi, yəni sağ tərəfi üstə və üzü qibləyə qoyulmalıdır.
 6. Sualda qeyd olunan halda cənazənin ümumi qəbiristanlıqlarda dəfninə mane olmaq icazəli deyil. Məsul qurumlar da bunun üçün şərait yaratmalıdır. Allah biləndir.


  3 Şəban, 1441 hicri qəməri (28 mart, 2020).
S. Ə. H. Sistaninin dəftərxanası – Nəcəf şəhəri.

العربية فارسی اردو English Azərbaycan Türkçe Français