ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » Geniş izahlı şəriət məsələləri, 1-ci cild

NİYABƏT (NAMAZ VƏ DİGƏR İBADƏT İŞLƏRİNDƏ NAİBLİK) → ← MÜSTƏHƏB NAMAZLAR

FİTR VƏ QURBAN BAYRAMI NAMAZI

FİTR VƏ QURBAN BAYRAMI NAMAZI
Məsələ 1869. İmamın (ə) insanların arasında olduğu dövrdə fitr və qurban bayramı namazı vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qaib olduğu bu dövrdə isə müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar.

Fitr və qurban bayramı namazının vaxtı
Məsələ 1870.Fitr və qurban bayramı namazının vaxtı bayram günü günçıxandan zöhrədəkdir.
Məsələ 1871. Qurban bayramı namazını Günəş üfüqdə yüksəldikdən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə Günəş üfüqdə yüksəldikdən sonra iftar etmək və fitrə zəkatını da vermək, daha sonra bayram namazını qılmaq müstəhəbdir.

Fitr və qurban bayramı namazının qılınma qaydası
Məsələ 1872. Fitr və qurban bayramı namazı iki rükətdir. Namazın başlanğıcında təkbirət əl-ehramdan və hər iki rükətdə Həmd və surəni oxuduqdan sonra bir neçə dəfə təkbir deyilir və təkbirlər arasında qunut tutulur. Vacib ehtiyata əsasən, hər rükətdə üç təkbir deyilməsi, onların arasında iki qunut tutulması lazımdır və üçüncü təkbirdən sonra, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbir də deyilir. Beləliklə, hər rükətdə təkbirlərin ümumi sayı dörddür. Hərçənd, daha yaxşı olar ki, birinci rükətdə beş təkbir deyilsin və onların arasında dörd qunut tutulsun, ikinci rükətdə isə dörd təkbir deyilsin və onların arasında üç qunut tutulsun. Bu halda həmin təkbir və qunutlardan əlavə, vacib ehtiyata əsasən, rükudan öncə başqa bir təkbirin də deyilməsi lazımdır.
Qeyd etmək lazımdır ki, namazın qalan hissəsi, yəni rüku, iki səcdə, təşəhhüd və salam eynilə digər ikirəkətli namazlarda olduğu kimi yerinə yetirilir.
Məsələ 1873.Fitr və qurban bayramı namazının qunutunda istənilən dua və zikr oxunarsa, kifayət edir. Lakin daha yaxşı olar ki, bu dua oxunsun: “Allahummə əhləl-kibriyai vəl-əzəməti, və əhləl-cudi vəl-cəbəruti, və əhləl-əfvi vər-rəhməti, və əhlət-təqva vəl-məğfirəti, əsəlukə bi həqqi hazəl-yaum, əlləzi cəəltəhu lil-musliminə idən, və li Muhəmmədin səlləllahu əleyhi və alihi və səlləmə zuxran və məzidən, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən tudxiləni fi kulli xayrin ədxəltə fihi Muhəmmədən və Alə-Muhəmmədin, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və Alə-Muhəmmədin, sələvatukə əleyhi və əleyhim, Allahummə inni əsəlukə xayra ma səələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəs-salihun”.(1)
Məsələ 1874. Əgər insan bayram namazında bir səcdəni unudarsa və onun icra edilmə yeri keçərsə, onu namazdan sonra yerinə yetirməlidir. Həmçinin, əgər gündəlik namazda səhv səcdəsi tələb edən bir hərəkət edərsə, namazdan sonra iki səhv səcdəsi etməlidir.
Məsələ 1875. Əgər namaz qılan bayram namazının təkbirlərinin, yaxud qunutlarının sayında şəkkə düşərsə, yeri keçdiyi təqdirdə şəkkinə etina etməsin. Ancaq əgər hələ yeri keçməmişdirsə, az sayı ifadə edən ehtimalı əsas götürsün və əgər sonradan artıq sayda təkbir dediyi, yaxud qunut tutduğu məlum olarsa, namazı batil olmur.

Fitr və qurban bayramı namazının camaatla qılınması ilə əlaqədar hökmlər
Məsələ 1876. Dövrün imamının (ə.f) qaib olduğu dövrdə əgər fitr və qurban bayramı namazı camaatla qılınarsa, lazım ehtiyata əsasən, ondan sonra iki xütbə oxunmalıdır. Bu iki xütbənin oxunma qaydası cümə namazının xütbələri kimidir. İmam iki xütbə arasında bir qədər oturmalıdır və daha yaxşı olar ki, fitr bayramı xütbəsində fitrə zəkatı, qurban bayramı xütbəsində isə qurbanlıq ilə bağlı hökmləri açıqlasın. Bu iki xütbənin namazdan öncə oxunması caiz deyil. Məmumun xütbələr əsnasında orada olması vacib deyil.
Məsələ 1877. Bayram namazında da digər namazlarda olduğu kimi məmum Həmd və surə istisna olmaqla namazın digər zikrlərini özü deməlidir.
Məsələ 1878. Əgər məmum imam təkbirlərin bir neçəsini dedikdən sonra gəlib çatarsa, imam rükuya getdikdən sonra onunla birgə demədiyi təkbirləri deməli, qunutları tutmalı, rükuya çatmalıdır və əgər hər qunutda bir dəfə “Subhanəllah”, yaxud “Əlhəmdu lillah” və ya bənzər bir zikr deyərsə, kafidir. Əgər vaxt yoxdursa, yalnız təkbirləri deməlidir. Əgər bu qədər də vaxt yoxdursa, imamın ardınca hərəkət edərək rükuya getməsi kifayətdir.
Məsələ 1879. Əgər insan bayram namazında imamın rükuda olduğu məqamda gəlib çatarsa, niyyət edib namazın ilk təkbirini, ardınca rükunun təkbirini deyə və rükuya gedə bilər.

Fitr və qurban bayramı namazının müstəhəbləri
Böyük fəqihlər (Allah onlardan razı olsun!) fitr və qurban bayramı namazında qarşıdakı məsələlərdə izah ediləcək bəzi məqamları müstəhəb hesab etmişlər.
Məsələ 1880. Bayram namazının məxsusi surəsi yoxdur. Lakin daha yaxşı olar ki, onun birinci rükətində Şəms, ikinci rükətində isə Ğaşiyə surəsi, yaxud birinci rükətində Əla, ikinci rükətdə isə Şəms surəsi oxunsun.
Məsələ 1881. Bayram namazının çöllükdə qılınması müstəhəbdir. Ancaq Məkkədə onun Məscid əl-haramda qılınması müstəhəbdir.
Məsələ 1882. İnsanların bayram namazına piyada, ayaqyalın və vüqarla getməsi və namazdan öncə qüsl etməsi, başlarına ağ əmmamə qoyması müstəhəbdir.
Məsələ 1883. İnsanın bayram namazında yerə səcdə etməsi, təkbirləri deyərkən əllərini yuxarı qaldırması, imam, yaxud fərdi namaz qılan olmasından asılı olmayaraq Həmd və surəni ucadan oxuması müstəhəbdir.
Məsələ 1884. Fitr bayramı axşamının məğrib və işa namazlarından, həmçinin, bayram gününün sübh namazından və fitr bayramı namazından sonra bu təkbirlərin deyilməsi müstəhəbdir: “Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Allahu əkbər və lillahil-həmd, Allahu əkbəru əla ma hədana”.
Məsələ 1885. İnsanın qurban bayramında on namazdan (bayram gününün zöhr namazından zül-hiccə ayının on ikinci gününün sübh namazınadək) sonra əvvəlki məsələdə qeyd edilən təkbirləri deməsi və ardınca “Allahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam, vəlhəmdu lillahi əla ma əblana” deməsi müstəhəbdir. Lakin əgər qurban bayramını Minada keçirirsə,bu təkbirləri bayram gününün zöhr namazından zül-hiccə ayının on üçüncü gününün sübh namazınadək olmaqla on beş namazdan sonra deməlidir.
Məsələ 1886. Müstəhəb ehtiyat qadınların bayram namazında iştirak etməkdən çəkinməsini tələb edir. Lakin bu ehtiyat yaşlı qadınlara aid deyil.


(1) Bəzi nüsxələrdə sonuncu “əs-salihun” yerinə, “əl-muxləsun”, yaxud “əl-muxlisun” göstərilir.

NİYABƏT (NAMAZ VƏ DİGƏR İBADƏT İŞLƏRİNDƏ NAİBLİK) → ← MÜSTƏHƏB NAMAZLAR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français